Ayətullahul-üzma Duzduzani Təbrizinin “Qədir-Xum” bayramı ilə bağlı təbriki

Qədir-Xum

Ayətullahul-üzma Duzduzani Təbrizinin “Qədir-Xum” bayramı ilə bağlı təbriki


Bismillahir-rəhmanir-rəhim

Əlhəmdulillahilləzi cə`ləna minəl-mütəməssikinə bi vilayəti Əli bin Əbi Talib Əmirül-möminin və əvladihil-məsumin ələyhimus-salam
Sizlərə və bütün möminlərə salam, müvəffəqiyyət arzuladıqdan sonra diqqətinizi bir neçə mövzuya cəlb etmək istərdim:

1. Məbəs və Qədir-Xum bayramları bəşəriyyətdə iki dönüş nöqtəsi olmasına baxmayaraq, təəssüflər olsun ki, bu iki bayram layiqincə əziz tutulmur. Peyğəmbərin (s) Məbəs və Qədir-Xum bayramlarının yalnız müsəlmanlar arasında deyil, bəlkə dünya miqyasında keçirilməsinə səy göstərməliyik. Sözügedən bayramlar dünya çapında yayılmalıdır. Necə ki, Milad bayramı baxmayaraq ki, milad gününün təyinində xristianlar arasında ixtilaf mövcuddur xristianlar tərəfindən dünya miqyasına çıxdı və hətta İslam ölkələrinin prezident və nazirləri xristianları milad münasibətilə təbrik edir və ya təbrik məktubu göndərirlər. Belə olduqda, bizim həmin zəmində nöqsanımızın olduğu, səhlənkarlıq etdiyimiz birbaşa deyilməlidir. Hətta İranımızda da iki böyük bayram layiqincə qeyd edilmir və bu cəmiyyətimiz üçün xəsarət və nöqsandır. Şiə məmləkətində camaatın Novruz bayramını geniş və təntənəli keçirməsi, gündəlik planlarını dəyişməsi, işlərini bir neçə günlük tətil etməsi, Qədir-xum bayramını isə bir neçə dəqiqədə xülasələşdirməsi eyib və nöqsan deyilmi?!
2. Dinləyici və mövcud şəxslərin mərifət dəryasından su içib sirab olmaları üçün bu münasibətlə təşkil edilən məclis və toplantılara, həzrət Əlinin tarix, sünnə və maarifi ilə yaxından tanış olan etimadlı təbliğçilər dəvət edilməlidir.
3. Bu və ya digər münasibətlə təşkil olunan məclislərdə mədh və şeirdən və s. çox maarif və həqiqətlərin bəyanına və dinlənilməsinə daha çox vaxt ayırmanızı sizə təkidlə tövsiyə edirəm. Hörmətli məddah və şairlər də o həzrətin həyat və maarifini düzgün bəyan edən şeirlərdən istifadə etsinlər. Ona görə ki, öz dəyərli vaxtlarını ixtiyarımızda qoyan şəxslərin vaxtı anbəan bizdən soruşulacaqdır. Ümid edirəm, sizin, bütün şiələrin və Əmirəl-möminin Əlinin (ə) dostlarının sonsuz səyi nəticəsində böyük bayram daha əzəmətli şəkildə qeyd ediləcək və daha artıq diqqət mərkəzində olacaqdır.

 

 Qədir-Xum xütbəsi

Peyğəmbər (s) zöhr namazını yüz iyirmi mindən çox adamla qıldı. Əsr namazından sonra (iki namazı bir yerdə qıldı) orada olanların qarşısında uca bir yer hazırlandı. Peyğəmbər (s) oraya çıxıb uzaqlı-yaxınlı, hamının müşahidə edəcəyi tərzdə və hamının eşidəcəyi səslə xütbəyə belə başladı:

 

Qədir-Xum xütbəsinin tərcüməsi

Bağışlayan və mehriban Allahın adı ilə. Həmd-səna, təkliyində uca, yeganəliyi ilə mövcudata yaxın səltənətində yenilməz və qüdrət rüknləri əzəmətli olan Allah üçündür. Hərəkət etmədən və yer dəyişmədən onun elmi bütün şeyləri əhatə etmişdir. Qüdrət və burhanı ilə bütün yaranmışlara qalibdir.
Böyüklüyü daimi, həmd və sitayişi həmişəlikidir. Yer səthini genişləndirən, hündürlükləri yaradan və yerin-göyün sultanıdır. Hər növ eybdən çox pak, mələk və ruhları yaradandır. Yaratdığına və icad etdiyinə yetirən və artırandır. O, gözləri görür, gözlər isə onu görmür. Kəramətli və səbrlidir, qullarına möhlət vermiş, onlarla yaxşı davranır. Geniş rəhməti hər şeyi əhatə etmiş və hər şeyə bol nemətlər ehsan etmişdir. (Boyun qaçıranlardan) İntiqam almağa tələsmir. Əzaba layiq olan tapıldıqda onun əzabını sürətləndirmir.
Gizlin mətləbləri bilir, batində olanlara elmi vardır. Gizlinlər ona məxfi deyil və məxfilər onun səhhətinə səbəb olmur. O, hər şeyi əhatə etmiş və qalibdir. Bacarıq və qüdrəti hər şeyə yetərdi. Onun bənzəri yoxdur. Şeylərə mövcud olmadıqları zaman varlıq verəndir.
Qisti (ədaləti) bərpa edən əbədi varlıq, əziz və həkim olan Allahdan başqa məbud yoxdur. Gözə görünməkdən daha alidir, amma o, gözləri görür. O, lətif agahdır. Heç kəs onu görməklə vəsfedə bilməz və heç kəs onun gizlin və aşkarının necəliyini tapa bilməz. Yalnız özünün tanış etdiyi dəlillər və tanışlıqdan başqa heç kəs onun necəliyini bilə bilməz.
Şəhadət verirəm ki, müqəddəsliyi və paklığı aləmi bürümüş Allah odur. Nuru əbədiyyəti bürümüş Allah odur. Onun əmrləri məşvərətsiz olaraq yetərlidir. İşlərin təqdir və ölçü götürülməsində şəriki yoxdur və tədbirlərində heç bir ixtilaf və fərq yoxdur.
Yeni varlıqları analoqu olmadan, qabaqcadan təsvir etmiş, yaratdıqlarını heç kəsdən kömək almadan, zəhmətə düşmədən və heç bir çarə axtarmadan yaratmışdır.
Yaratdı sonra mövcudat var oldu. İcad etdi, sonra aləm zahir oldu. Deməli odur o Allah ki, ondan başqa məbud yoxdur. Yaratdığı dəyərli və gözəldir.
Ədalətlidir, zülm etməz. Kərim bir zatdır ki, aləmin bütün işləri ona qayıdır. Şəhadət verirəm o, o Allahdır ki, hər şey onun qüdrəti qarşısında təvazökarlıqla baş əyir və əzəməti qarşısında çox kiçikdir.
Mülklərin sahibi, fələklərin dolandırandır. Məlum zamanadək öz hərəkətinə davam edən günəş və ayın göstəriş verənidir. Bir-birini tez-tez əvəz edən gecə və gündüzü bu örtüyə bürüyən qüdrət sahibidir.
Hər bir zalimi sındıran və hər bir boyun qaçıran şeytanı məhv edən odur. Onun ziddi, bənzəri və şəriki yoxdur. Hamının məqsədi və ehtiyaclıların pənahı olan yeganə varlıqdır. Doğmur və həm də doğulmamışdır. Heç kəs onun yoldaşı və oxşarı ola bilməz.
İstədiyini həyata keçirən, iradəsinə uyğun hökm edən ali məqamlı yeganə Allah odur. Hər şeyi bilir və hesablayır, öldürür və dirilidir, yoxsul və varlı edir, güldürür və ağladır, bəxşişini geri alır və verir, səltənət və hökm vermək onundur, sitayiş ona məxsusdur. Yaxşılıqlar hamı onun əlindədir və qüdrət sahibidir. Gecəni gündüzə, gündüzü isə gecəyə çevirir. Ondan başqa bağışlayan məbud yoxdur. Duanı qəbul edən, bəxşiş verən, nəfəsləri sayan, cin və insanların bəsləyənidir.
Ona çətin olan bir iş yoxdur. Dərdlilərin fəryadı onu dilxor, israr edənlərin təkidi onu pərişan etmir və yormur.
Layiqləri xəta və azmaqdan qoruyandır. Düzgünləri müvəffəq edən, mömünlərin ixtiyar sahibi və aləmin bəsləyənidir. Belə bir Allahın haqqı vardır ki, bütün yaranmışlar ona şükr etsinlər. Şadlıq, qəmlilik, çətinlik, rahatlıq hallarında ona həmd etsinlər.
Ona, onun kitablarına və rəsullarına inanıram. Əmrinə qulaq asıb itaət edirəm. Onun razılığı olan işi tez yerinə yetirirəm. Hökmünə boyun qoyub təslim oluram. Çünki itaətinə meylim var və əzabından qorxuram. O, elə bir Allahdır ki, nə bir nəfər onun qəfil əzabından amandadır, nə də onun zülmündən qorxusu vardır.
Onun qarşısında bəndəliyimlə şəhadər verirəm ki, mənə vəhy olunanları yerinə yetirəcəyəm. Çünki qorxuram ki, əgər yerinə yetirməsəm mənə bir məhv edici əzab nazil olsun. Onu isə məndən, heç kəsin dəf etmək qüdrəti olmaz. Allahdan başqa bunun çarəsi yoxdur. İndi o mənə elan etdi ki, mənə nazil olanı çatdırsam Onun peyğəmbərlik vəzifəsini yerinə yetirməmiş oluram. Allah-təala zəmanət verir ki, məni qoruyacaqdır. Onun qorumağı mənə kifayətdir. Mənə belə bir vəhy göndərmişdir:
Bağışlayan və mehriban Allahın adı ilə.
Ey Peyğəmbər! Öz Rəbinin tərəfindən sənə nazil olmuşu tamamilə (camaata) çatdır, çatdırmasan Allahın risalətini (sənə verilmiş peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah, səni insanların (şərrindən) qoruyacaqdır. (Maidə surəsi, аyə 67).
Camaat! Allahın mənə göndərdiyini çatdırmqaqla səhlənkarlıq etməmişəm. İndi bu ayənin nazil olma səbəbini sizə aydınlaşdıraram:
Cəbrail üç dəfə nazil olub Alahımın salamını (ki, o özü salamdır) mənə çatdırdı. Göstəriş verdi ki, bu cəmiyyətin hüzurunda hamının qarşısında ayağa durub bütün ağlı-qaralı insanların hamısına elan etdim ki, məndən sonra Əli ibn Əbi Talib mənim qardaşım, vəsim, canişinim və həm də imamdır. Onun mənə olan nisbəti Harunun Musaya olan məqamı kimidir. Yalnız bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.
O, Allah və peyğəmbərdən sonra sizin başçınız və rəhbərinizdir. Allah-təala bu barədə bir ayə nazil etdi: Sizin əsil vəliniz (sahibiniz) Allah, onun peyğəmbəri və iman gətirənlərdir: o kəslər ki, namaz qılır və rüku halında ikən zəkat verir.
(Maidə surəsi ayə 55)
Əli (ə) yeganə kişidir ki, namaz qılarkən zəkat verdi. Onun Allahdan başqa məqsəd və hədəfi yoxdur. Mən Cəbraildən istədim ki, bu əmri elan etməkdə və çatdırmaqda məni üzürlü saysın. Çünki, müttəqilərin azlıq, münafiqlərin çoxluğu, günahkarların hiylələri və islama məsxərə edənlərin yalançılığından agah idim. Onların vəsfi barəsində Allah-təala Quranda buyurur:
(O sözləri) bir-birinizin dilinizdən alırdınız və bilmədiyiniz bir şeyi ağızdan-ağıza deyirdiniz və bu işin Allahın yanında böyük olduğuna baxmayaraq kiçik hesab edirdiniz. (Nur surəsi, ayə15).
Onlar bir dəfə deyil, dəfələrlə məni incitmiş və hətta məni “Uzun” (qulaq yəni hər şeyə inanan) adlandırmışlar. Əlinin (ə) mənimlə yoldaşlığına və mənim ona olan diqqətimdən belə hesab edirlər ki, beləyəm. Nəhayət Allah-təala bu barədə ayə nazil etdi: Bu müsəlmanlardan elələri də var ki, Peyğəmbəri incidib deyirlər: O, tez inanandır (Ya Muhəmməd!) de: (onun) tez inanmağı sizə xeyirlidir. (Tövbə surəsi, ayə 61).
Əgər istəsəydim belə söz deyənləri aşkar edər və bir-bir adlarını çəkər və tanıtdırardım. Amma Allaha and olsun ki, onlar barəsində böyüklük edir və adlarını çəkmirəm. Əgər Allah-təalanın nazil etdiyini çatdırmasam Allah məndən bütün bunları qəbul etməz və məndən razı qalmaz. Sonra bu ayəni tilavət etdi: Ey Peyğəmbər! Öz Rəbinin tərəfindən sənə nazil olmuşu tamamilə (camaata) çatdır, çatdırmasan Allahın risalətini (sənə verilmiş peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah, səni insanların (şərrindən) qoruyacaqdır. (Maidə surəsi, ayə 67).
Camaat! Agah olun ki, Allah-təala Əlini (ə) sizə rəhbər təyin etmişdir. Onu sizə imam və öndər qərar vermişdir ki, onun sözünə baxmaq, ondan itaət etmək mühacir, ənsar, tabiin, köçəri, şəhərli, ərəb, qeyri-ərəb, azad, qul, kiçik, böyük, ağ və qaralara vacibdir və əmri icra olunmalı, sözünə baxılmalıdır.
Kim onunla müxalifət edərsə lənət olunmuşdur. Onun dalınca gedən Allahın rəhmətinə doğru gedir. Onu təsdiq edən mömindir, onun sözünə baxmaq, ona itaət etmək Allahın bağışlamasına səbəbdir.
Camaat! Burada sizin qarşısında axırıncı dəfə çıxış edirəm. Sözümü dinləyib qəbul edin. Allahınızın fərmanına itaət edin ki, sizin ixtiyarınız onun əlindədir və məbudunuz odur. Ondan sonra Mühəmməd (s) sizin peyğəmbəriniz və rəhbərinizdir. O Peyğəmbər (s) ki, hüzurunuzda dayanıb söz deyir, məndən sonra isə Allahın əmri ilə Əli (ə) sizin başçınız və imamınızdır. Ondan sonra isə başçılıq və imamlıq, qiyamətdə Allah və Rəsulu (s) ilə görüşənədək, onun uşaqlarından olan övladlarım olacaqdır.
Allahın halal və haramından başqa halal və haram yoxdur. Allah halal-haramı mənə tanıtdı və mən də Allahın mənə öyrətdiklərini, Quranın həqiqətlərini, halal-haramı Əliyə (ə) həvalə etdim.
Camaat! Elə bir elm yoxdur ki, Allah mənə öyrətməmiş olsun. Mən də bütün bildiklərimi təqvalıların öndəri Əlinin (ə) ixtiyarına qoydum. Elə bir elm yoxdur ki, Əliyə (ə) öyrətməmiş olam. O da bir imamdır ki, onları sizə çatdıracaq. Camaat! Əlidən (ə) ayrı düşməyin və onun barəsində yolunuzu azmayın.
Onun vilayəti və imamlığı önündə özünüzü böyük görüb təkəbbür etməyin. O haqla rəhbərlik edən və haqqa əməl edən batili məhkum edib ondan nəhy edəndir. Onu Allah yolunda heç bir məzəmmət edənin tənəsi saxlaya bilməz.
Bundan başqa, Əli (ə) Allaha və onun Rəsuluna (s) iman gətirən ilk adamdır. O, özünü Rəsulullaha (s) fəda etdi. O, heç kəsin Rəsulullahla (s) Allaha ibadət etmədiyi zaman onunla yoldaşlıq edir və onunla birlikdə idi.
Camaat! Əli (ə) Allah tərəfindən seçilən imamdır. Allah-təala onun vilayətini inkar edənin tövbəsini əsla qəbul etməz və Allahın bağışlaması ona şamil olmaz. Allah onun fərmanı ilə müxalif olanlarla belə rəftar etməli və onları həmişə və əbədi əzabla cəzalandırmalıdır.
Allahla müxalifətdən qorxun, çünki elə bir oda düçar olarsınız ki, onun yanacağı camaat və kafirlər üçün hazırlanmış od püskürən daşdır.
Camaat! Allaha and olsun ki, əvvəlki peyğəmbər və rəsullar, mənim sonuncu peyğəmbər olmağımı hamıya müjdə vermişlər. Həm də mən yerin göyün yaradılmışlarına höccətəm. Bu barədə şəkk edən kəs cahiliyyət dövrünün kafirləri kimi kafirdir. Mənim bu sözümdən bir şeyə şübhə ilə yanaşan adam sanki, tamam peyğəmbərliyimə şübhə etmişdir. Hər kəs bu mətləbə şübhə ilə yanaşarsa, yandırıcı od onun üçündür.
Camaat! Bu Allah tərəfindən mənə bir fəzilətdir, boynuma qoyulmuş bir minnət, mənə olunan bir ehsandır. Ondan başqa məbud yoxdur. Mənim əbədi sitayiş və şükrüm həmişəlik olaraq ona məxsusdur.
Camaat! Əlini (ə) özünüzdən ütün tutun. Çünki o məndən sonra qadınlı-kişili insanların hamısından layiqlisidir. Bizim vasitəmizlə Allah ruzi göndərir və xalqı qoruyur. Məlundur, məlundur, qəzəblənilmişdir, qəzəblənimişdir, o adam ki, mənim bu sözümü rədd edib onunla müvafiq olmasın.
Camaat, diqqət edin! Cəbrail Allahın tərəfindən məni bu işdən agah etdi ki, Əli (ə) ilə düşmən olan və onun vilayətini qəbul etməyənə mənim qəzəbim və lənətim olsun. Hər kəs gələcəyi üçün qabaqcadan nə göndərdiyinə baxsın.
(Həşr surəsi ayə 18).
Allahın əmrilə müxalifət etməkdən çəkinin. Çox möhkəm ayaqlar sonradan əsməyə başlamış və xətaya tərəf getmişdir. Allah sizin etdiklərinizdən xəbərdardır.
Camaat! Əli (ə), Allahın öz kitabında qeyd etdiyi جنب الله (cənbullah)-dır. Allah-təala buyurur: (Elə edin ki, sonra) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma!- deməsin. (Zumər surəsi, ayə56).
Camaat! Quranda dərindən düşünün, ayələrini anlayın, möhkəmatına yaxşı baxın, mütəşabihinə uymayın.
Allaha and olsun ki, sizin üçün Quranın haram və nəhy etdiklərini, ayələrinin təfsirini indi mən əlindən tutub özümə tərəf qaldırdığım şəxsdən başqa heç kəs aydınlaşdırmaz. Budur mən elan edirəm: Mən hər kəsin mövlası və ixtiyar sahibiyəmsə, Əlidə (ə) onun mövlası və ixtiyar sahibidir. O, Əli (ə) Əbitalib oğludur və mənim vəsimdir. Onu seçmək tövsiyəsi Allah tərəfindən mənə çatdırılımışdır.
Camaat! Əli (ə) və övladlarımın pakları kiçik qiymətli ağırlıqdır və Quran böyük qiymətli ağırlıqdır. Bunlardan hər biri digərini vəcf edir və bir-biri ilə müvafiqdirlər. Bu ikisi bir-birindən kövsər hovuzunda mənim yanıma daxil olanadək ayrılmazlar. Bunlar camaatın arasında Allahın əmanətdarları və yer üzndə hakimləridirlər. Agah olun! Allahın əmrini çatdırdım. Bilin ki, vəzifəmi yerinə yetirdim. Ayıq olun mənə əmr olanı sizə eşitdirdim. Diqqət edin, ilahi əmri açıqladım. Bilin ki, Allah-təala dedi və mən də onun tərəfindən deyirəm:
Diqqət! Mömünlərə, bu qardaşım və bu şəxsdən başqa, heç kəs əmir deyildir. Məndən sonra mömünlərə imamlıq və əmirlik etmək ondan başqa heç kəsə halal və rəva deyildir.
Sonra buyurdu:
Camaat! Kim sizin özünüzdən sizə daha ucadır? Dedilər: Allah və onun rəsulu, dedi: Mən hər kimin mövlasıyamsa Əlidə onun mövlasıdır. Ey Rəbbim! Hər kəs Əlini rəhbər dost bilərsə onu dost bil və hər kəs Əliylə düşmənçilik edərsə onunla düşmən ol. Hər kim ona kömək etsə sən də ona kömək et. Hər kim onu xar etsə səndə onu xar et.
Camaat! Bu Əli (ə) mənim qardaşım, vəsim və bilik xəzinəmdir. Ümmətə rəhbərlik və Allahın kitabının təfsirində mənim canişinimdir.
Bu Əli (ə) xalqı Allaha tərəf çağırar və onun razılığı ilə əməl edər. onun düşməni ilə döyüşər. Allahın itaətində köməkçi, ona günah etməkdən çəkindirəndir. Rəsulullahın (s) canişini, mömünlərin əmiri və yolgöstərən rəhbərdir. O, əhdini sındıranları, zalimləri və dindən çıxanları öldürəndir. Allahın əmri ilə deyirəm və sözlərimdə pərakəndəlik yoxdur. Çünki Allahın göstərişi ilə deyirəm: İlahi! Əlini (ə) sevəni sev, onunla ədavət edənə düşmən ol. Onu inkar edənə lənət et. Onun haqqı barəsində özünü görməməzliyə vurana qəzəb et! İlahi! Mənə nazil etmisən ki, özündən sonra imamlıq və rəhbərlik sənin vəlin Əliyyə (ə) məxsusdur. Mən bu hökmü bunlar üçün dedim və Əlini (ə) bu məqama, bəndələrinin dinini kamil etdiyin və onlara nemətini tamamladığın məqama təyin etdim. Onların dininin islam olmasını xoşladım və dedim: Hər kəs islamdan başqa bir din seçərsə, ondan qəbul olunmaz və o axirətdə ziyankarlardandır. (Ali İmran surəsi, ayə 85). İlahi! Səni şahid tuturam ki, sənin əmrini təbliğ edib bəndələrinə çatdırdım.
Camaat! O ulu Allah, onun imamlığı ilə sizin dininizi kamil etdi. Onun imaməti qarşısında itaət etməyən, onun nəslindən olan övladlarımın, qiyamətə və Allah dərgahına yetişənədək, imamətini qəbul etməyən adamın əməlləri zay olar və o əbədi chənnəmdə qalar. Belə adamların əzabları azalmaz və onlara rəhmət nəzəri olmaz. (Bəqərə surəsi, ayə 167).
Camaat! Bu Əli (ə) mənə sizin hamınızdan çox kömək etmişdir. Mənə sizin ən yaxınınızdır. Əli mənim yanımda sizin hamınızdan şərəfli olmuş, mən və Allah ondan razıyıq. Əli (ə) barəsində nazil olan ayələrdən başqa heç bir ayədə Allah xoşlanmamışdır. Hər yerdə ki, Quran mömünləriAllahın xitab etdiyi tərəf kimi götürür, birinci xitab olunan odur. Quranda ondan başqa heç kəsin barəsində mədh gəlməmişdir. هل اتى على الأنسان “Həl əta” surəsində cənnətə getmək barəsində Allahın verdiyi şəhadət ona məxsusdur. O surəni ondan başqa heç kəs barəsində nazil etməmiş və orada ondan başqa heç kəs təriflənməmişdir.
Camaat! Əli (ə) Allahın dininin köməkçisi və Peyğəmbərin (s) ehtiramının müdafiəçisidir. O, pak təqva və yolgöstərənlə yol tapmışdır. Sizin Peyğəmbəriniz ən yaxşı peyğəmbər, vəsiniz ən yaxşı vəsi, oğlanları isə ən yaxşı canişinlərdir.
Camaat! Bütün peyğəmbərlərin övladları onun öz belindəndir, mənim övladlarım isə Əlinin nəslindəndir.
Camaat! İblis Adəmi həsədlə cənnətdən çıxardı. Ona həsəd aparmayın ki, əməlləriniz zay olmasın və ayaqlarınız titrəməsin. Adəm Allahın seçdiyi olmasına baxmayaraq bir xəta ilə yer aləminə düşdü. Sizin halınız necə olacaqdır? Halbuki siz adi adamlarsınız və biriniz Allahın düşmənidir. Bilin Əli ilə yalnız bəxti dönmüş düşmənçilik edər, Əliyə yalnız təqvalılar və iffətlilər məhəbbət bəsləyər və ona yalnız xalis mömün iman gətirər. “Əsr” surəsi Əlinin (ə) şənində nazil olmuşdur: And olsun zamana (və ya ikindi çağına) Həqiqətən insan ziyan içindədir. Təkcə iman gətirib saleh əməllər edənlər, bir-birlərinə haqqı və səbri tapşıranlar müstəsnadır.
Camaat! Allahı şahid tuturam ki, risalətimi çatdırdım. “Rəsulun öhdəsinə düşən, açıq-aşkar təbliğ etməkdən qeyri bir şey deyildir” (Nur surəsi, ayə 54) .
Camaat! Ey iman gətirənlər! Allahdan necə qorxmaq lazımdırsa, elə də qorxun! (Və səy edin ki) ancaq müsəlman olduğunuz halda öləsiniz. (Ali İmran surəsi, ayə 102 ).
Camaat! Bəzi üzləri tanınmaz hala salıb, burub arxalarına çevirməyimizdən əvvəl. (Nisa surəsi, ayə 47). Allaha və onun Peyğəmbərinə və onunla göndərilmiş nura (Qurana) iman gətirin (Əraf surəsi, ayə 157).
Camaat! Allahın göndərdiyi və məndə olan nur, məndən sonra Əlidə mövcuddur, sonra isə qiyamı ilə Allahın və bizim hüququmuzu qaytaran Mehdiyədək onun nəslində olacaqdır. Bilin ki, Allah bizi dünyanın bütün təqsirkarlarına düşmənlərə, müxaliflərə, xəyanətkarlarına, günahkarlarına, sitənkarlarına və qəsbkarlarına höccət vermişdir.
Camaat! Sizi xəbərdar edir və qaorxuduram ki, mən Allahın göndərdiyiyəm. Məndən öncə də Allahın göndərdikləri olmuşlar. Onlar hamısı vəfat etmişlər. (Bu təbii qaydaya uyğun olaraq) əgər mən də onlar kimi ölsəm və ya öldürülsəm siz geri qayıdacaqsınızmı? Küfr və cahiliyyət dövrünə qayıdanlar Allaha heç bir ziyan yetirməzlər. Tezliklə Allah-təala şükr edənlərin mükafatını verər.
Bilin ki, Əli, səbr və şükrlə vəsf olunan şəxsdir. Ondan sonra isə onun nəslindən (belindən) olan balalarım belə olacaqdırlar.
Camaat! İslamı qəbul etməyinizlə Allaha minnət qoymayın. Qoy sizə qəzəblənməsin. Çünki onun əzabına düçar olarsınız ki, sizin rəftarlarınızı izləyər.
Camaat! Tezliklə mənədn sonra başçılar peyda olar ki, sizi cəhənnəmə çağırarlar. Onlara qiyamət günü kömək olunmaz.
Camaat! Yəqin bilin ki, Allah və mən onlara nifrət edir, onlardan bizarıq.
Camaat! Bu başçılar, onlar cəhənnəmin ən aşağı təbəqəsindədirlər. Doğrudan da təkəbbürlülərin yeri yaman pisdir. Ayıq olun bunlar Əshabi səhifədirlər. Siz fikrləşməli və düşünməlisiniz ki, “Əshabi səhifə” kimlərdən ibarətdir.
Camaat! Mən xilafəti irs aparmaq və imamət formasında, qiyamətədək övladlarıma tapşırıram. Bilin ki, mənə əmr olunanı çatdırdım ki, bütün burada olan və olmayanlara, doğulan və hələ dünyaya gəlməyənlərə dəlil və höccət tamamlansın. Deməli bütün burada olanlara lazımdır ki, bu xəbəri burada olmayanlara çatdırsın. Eyni zamanda, qiyamətədək hər bir ata öz oğluna çatdırsın. Tezliklə məndən sonra bu xilafət məqamımı bir qrup adam padşahlıq və qəsbkarlığa döndərəcəkdir. Ayıq olun! Allahın lənəti qəsbkarlara və onların hökumətinin boyunduruğu altına girənlərə olsun. Ey insanlar və cinlər! Tezliklə sizin işlərinizin hesabatına başlayacağıq. (Əgər küfr və tüğyan etsəniz) Allah sizin üstünüzə tüstüsüz alov və əridilmiş mis yağdıracaqdır ki, heç bir – birinizə kömək edə bilməyəcəksiniz. (Ər-rəhman surəsi, ayə 31-35).
Camaat! Allah pisi pakdan ayırd etmədən, möminləri sizin indi olduğunuz vəziyyətdə saxlayan deyildir. Allah sizə qeybi də bildirən deyildir.
Camaat! Allah-təala onun ayətlərini təkzib etməyənədək heç bir məntəqəni məhv etməmişdir. Allahın həmişəlik sünnəsi budur ki, zalım cəmiyyəti məvh edir. Necə ki, Allah bunu öz kitabında buyurur. (İsra surəsi, ayə 58, Ənam surəsi, ayə 131, və Hud surəsi, ayə 117 kimi ayələrə işarədir).
Bu Əli sizin imamınız və ixtiyar sahibinizdir. O Allahın vədələrindən biridir. Allah vədə verdiyinə əməl edir.
Camaat! Sizdən öncə çoxlu adamlar yollarını azmışlar. Allah da onları aradan apardı. Elə həmin o Allah, gələcəkdə yolunu azanları da həlak edəcəkdir. Məgər qabaqkıları məhv etmədik? Sonra daldan gələnləri də onlara qatarıq. Günahkarlarla belə rəftar edərik. O gün, təkzib edənlərin vay halına! (Mürsəlat surəsi, ayə 16-19).
Camaat! Allah mənə əmr və nəhy buyurdu, mən də Əliyə əmr və nəhy etdim. Beləliklə, Əli Allahının əmr və nəhylərinə agah oldu. İndi onun fərmanını eşidin ki, hidayət tapasınız. Nəhyinə tabe olun ki, düz yolu tapasınız. Onun istədiyi tərəfə və onun məqsədinə tərəf yönəlin ki, başqa yollar sizi onun yolundan döndərməsin.
Camaat! Mən sizin getməli olduğunuz Allahın siratəl müstəqimiyəm (doğru yol). Məndən sonra isə bu yol Əlidir. Ondan sonra ondan olan övladlarımdırlar. Onlar haqqa hidayət edən və (azğınları) haqqa tərəf yönəldənlərdirlər. Sonra həzrət, həmd surəsini qiraət etdi:
Rəhman və mehriban Allahın adı ilə.
Həmd, aləmlərin rəbbi Allaha məxsusdur. (O) rəhman və mehribandır. Cəza (qiyamət) gününün sahibidir. (Pərvərdigara!) ancaq sənə ibadət edirik və ancaq səndən yardım diləyirik. Bizi doğru yola hidayət et. Nemət verdiyin kimsələrin yoluna ki, onlar qəzəbinə düçar olmamışlar, azğın da deyillər.
Bu sürə mənim və məndən sonrakı imamların şəninə nazil olmuş, onları əhatə edir və onlara məxsusdur.
Bunlar Allahın övliyalarıdırlar ki, onlar üçün heç bir qorxu yoxdur və onlar qəmlənməzlər. Ayıq olun! Allah qoşunu həmin qalib gələndir. Bilin ki, Əlinin düşmənləri, həmin təfriqə salanlar, münafiqlər və dava axtaranlardır, onlar haqqın düşmənləri və şeytanın qardaşlarıdırlar ki, onlardan bəziləri bəzisinə, aldatmaq üçün aldadıcı sözlər təlqin edərlər.
Ayıq olun! Əli və onun övladlarının dostları o mömün dəstəsidir ki, Allah-təala onları Quranda yad edərək barələrində buyurur: (Ya Mуhəmməd!) Allaha və axirət gününə iman gətirən qövmün, Allaha və onun Peyğəmbərinə müxalif çıxanlarla-öz ataları, oğulları, qardaşları və yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, (Allah) onların qəlblərinə iman yazmışdır və öz dərgahından olan bir ruh ilə onları qüvvətləndirmişdir. (Onları) altından arxlar axan və içində əbədi olaraq qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Allahın dəstəsi bunlardır. Agah olun ki, həqiqətən, əsl nicat tapanlar da Allahın dəstəsidir. (Mücadilə surəsi, ayə 22). Diqqətli olun, onların dostlarını Allah-təala Quranda bu cür vəsf edir. İman gətirib imanlarını zülm (şirk) ilə qarışdırmayan şəxslərə (gəldikdə isə), onlar əmin-amanlıqdadırlar və hidayət olunmuşlar da onlardır. (Ənam surəsi, ayə 82). Bilin ki, onların dostları Allahın vəsf etdiyi kəslərdir ki, buyurur: O kəslər ki, əmin-amanlıqla və aram şəkildə cənnətə daxil olarlar və mələklər onların pişvazına çıxıb deyərlər: Salam olsun sizə! Pak oldunuz, əbədi olaraq ora daxil olun. (Zümər surəsi, ayə 73). Onların dostları o kəslərdir ki, onların barəsində Allah-təala buyurur: Hesabsız olaraq cənnətə daxil olarlar. Bilin ki, onların düşmənləri şölənənən cəhənnəm oduna daxil olarlar. Onların düşmənləri o kəslərdir ki, Oraya (cəhənnəmə) atıldıqları zaman onun qaynar halda olan nəriltisini eşidərlər. (Mülk surəsi, ayə 7), Hər tayfa oda daxil olduqca öz yoldaşına lənət edər. (Əraf surəsi, ayə 38).
Bilin ki, bu ailənin düşmənləri o kəslərdir ki, Allah-təala onların barəsində buyurur: Hər hansı bir dəstə oraya atıldıqda, onun gözətçiləri onlardan soruşar: Məgər sizə bir xəbərdarlıq edən gəlməmişdi? Deyərlər: Bəli! Həqiqətən, bizə bizə bir xəbərdarlıq edən gəlmişdi, biz isə (onu) təkzib etdik və: Allah heç bir şey nazil etməyib, siz ancaq böyük bir zəlalət içindəsiniz - dedik. Və deyərlər: Əgər qulaq assaydıq və ya ağlımız başımızda olsaydı, cəhənnəm əhlinin cərgəsində olmazdıq. Beləliklə günahlarını etiraf edərlər. Lənət olsun cəhənnəm əhlinə! (Mülk surəsi, ayə 8-11).
Ayıq olun! Bu ailənin dostları onlardırlar ki, Allahlarından gizlində qorxarlar (zahirdə nifaq etmək deyil, batində Allahdan qorxarlar). Onlar üçün bağışlamaq və böyük mükafat (əbədi cənnət) olacaqdır.
Camaat! Cəhənnəmlə (əzabverici və yandırıcı) cənnət (naz və nemətli) arasında nə çox fərq vardır? Bizim düşmənimiz, Allahın pislədiyi və lənətlədiyi, dostumuz isə Allahın təriflədiyi və sevdiyi kəslərdir. Camaat! Bilin, mən qorxudanam, Əli isə hidayət edən və bələdçidir.
Camaat! Mən peyğəmbərəm, Əli isə mənim vəsim və canişinimdir. Bilin ki, bizdən olan axırıncı imam qiyam edən və Mehdidir (hidayət olunmuş). Ayılın! O bütün dinlərə qalibdir və zalimlərdən intiqam alandır. Agah olun, o qalalar fatehi və onları bir-birinə vurandır. O müşriklərin bütün tayfalarını öldürən və Allah övliyalarının qanını alandır. Allahın dininə kömək edən odur. Peyğəmbərliyin dərin elm Dəryasından içən odur. Hər fəzilətlinin fəzilət və hər cahilin cəhalət nişanını vuran odur.
Agah olun ki, o, Allahın yaratdıqlarının ən yaxşısı və onun seçdiyidir. Bilin, o, bütün elmi (Rəsulullahdan (s) irs aparmış və onlara elmi əhatəsi vardır. O, Allahından xəbər verən və imamına agahlıq gətirəndir. (Allah tərəfindən məxluqun işləri) ona tapşırılmış və o, dəqiq yolu tapandır: O, bir şəxsdir ki, hətta keçmiş peyğəmbərlər və onunla üzbəüz olan (yəni Rəsulullah (s) hamısı onun (ümumdünya) qiyamını müjdələmişlər. O, əbədi bir höccətdir ki, ondan sonra höccət yoxdur. Ondan ayrı haqq, ondan ayrı nur yoxdur. Heç kəs ona qalib gəlməyəcək, onun ziddinə olana kömək olunmayacaqdır. O yer üzündə Allahın vəlisi, xalqa fərmanı, gizln və aşkar işlərdə onun əminidir. Camaat! Mən deyilməli olanları sizin üçün açıq-aydın deyib, sizə anlatdım. Məndən sonra anlatmaq bu Əlinin öhdəsindədir. Sizi, xütbəm tamamlanandan sonra, Əli ilə peyman və(imamət və vilayətinin) təsdiqinə görə əlinizi mənə verib sonrada (bu peymanla) onun əlini sıxmağa dəvət edirəm. Həqiqətən mən Allaha beyət etmiş, Əli isə mənə beyət etmişdir. Mən də Allah tərəfindən sizdən Əli üçün beyət alıram. Hər kəs əhdini pozsa, əslində öz əleyhinə pozmuş olur.
Camaat! Həqiqətən, səfa və mərvə Allahın əlamətlərindəndir. Demək Allahın beytinin (Kəbənin) həccini və ya ömrəsini yerinə yetirmək məqsədində olan şəxs üçün hər ikisini təvaf etməyində heç bir günah (maneçilik) yoxdur.
Camaat! Allahın evinə gedin. Çünki ora gedən hər bir adam ehtiyacız, ondan üz döndərən adam isə fəqir olar.
Camaat! Elə bir mömün yoxdur ki, vüquf yerlərində dayansın. Amma Allah onun günahlarını bağışlamasın və həcci tamamladıqdan sonra onun üçün yeni bir əməl kitabçası açılmasın.
Camaat! Həcc edənlər Allah tərəfindən kömək olunmuş, onların bu yoldakı büdcələri yenidən öz yerlərinə qayıtmış olur. Allah yaxşı işlə məşğul olanların mükafatını zay etməz.
Camaat! Həcci kamil din, bəsirət və anlayaraq yerinə yetirin. Bu mərasimdən tövbə etmədən və günahlardan təmizlənməmiş qayıtmayın.
Camaat! Allahın əmri olduğuna görə namaz qılın, zəkat və öz maliyyə vergilərinizi ödəyin. Əgər vaxtı keçməklə (şəri təkliflərinizi yerinə yetirməkdə ) səhlənkarlıq etsəniz, yaxud (hökmünü) unutsanız onda Əli sizin vəliniz və (hökmləri) sizin üçün tənzimləyəndir. Elə buna görə də Allah onu mənədn sonra canişin təyin etmişdir və mən də Allah tərəfindənəm.
Əli sizin suallarınıza cavab verər və bilmədiklərinizi sizin üçün açıqlayar və bilmədiklərinizi sizin üçün açıqlayar. Bilin ki, Allahın halal-haramı (burada) sadalaya, açıqlaya bilmədiyiniz qədər çoxdur. Mən ümumi olaraq və təmamilə halala əmr və harama nəhy olunmuşam. Sonra isə mənə əmr olundu ki, Allah tərəfindən gətirdiyimin qəbulu barəsində sizdən əhd və ondan sonra qiyamətədək olan imamlar barəsindədir. Onlar onun nəslindən olan mənim övladlarımdırlar. Bunlar ümmətimin qiyam edənləridirlər. Haqla hökm edəcək Məhdi də onlardandır.
Camaat! Sizə bütün halal və rəva işlər barəsində dəlalət etdim, bütün haram işlərdən çəkindirdim. Mən, əsla əmr və nəhyimdən dönmərəm və sözlərimi dəyişmərəm.
Diqqətli olun ki, bu mətləbi qulağınızda sırğa edin və bir-birinizə tapşırın, sözlərimi dəyişdirməyin və onu korlamayın.
Diqqət edin! Sözlərimi bir daha təkrar edirəm: Agah olun! Namazı bərpa edin, (yoxsulların haqqı olan) zəkatı verin, yaxşılığa dəvət edib pislikdən çəkindirin. Amma bilin ki, əmr be məruf və nəhy əz münkərin əsası budur ki, bu günkü sözlərimə sonadək sadiq qalasınız və burada olanlar onu burada olmayanlara çatdırıb onu qəbul etməyə əmr etsinlər, onunla müxalifət etməkdən və boyun qaçırmaqdan nəhy etsinlər. Çünki bu, Allah və mənim tərfimdən olan bir mərdir. Əmr be məruf və nəhy əz münkərin məsum imama itaət etmədən əmələ gəlməsi mümkün deyildir.
Camaat! Quran sizi Əlidən sonrakı imamlarla (öndərlərlə) tanış edir. Mən də onları tanıtdım ki, onlar mənim və Əlinin nəslindəndirlər. Allah-təala öz kitabında buyurur: Tövhidi onun övladları arasında baqi qalan kəlmə qərar verdi (Zuxruf surəsi, ayə 28). Mən də (onları tanıtmaq üçün) deydim. Əgər Qurana və itaətimə əl atsanız əsla azmazsınız.
Camaat! Təqvanı, təqvanı sizə tapşırıram. Qiyamətin gəlişindən qorxun. Allah-təala bu barədə buyurur: Bilin ki, Qiyamətin zəlzələsi böyük və çətin bir hadisədir. Ölümü, hesabı, mizanı aləmlərin Rəbbi əzəmətli Allahın qarşısında əməllərin hesablanmasını, mükafat və cəzaları yadınıza salın. Hər kəs yaxşı iş görübsə, mükafat, bəyənilməyən iş görən isə cəza alacaqdır.
Camaat! Sizin sayınız bir-bir gəlib mənə eyni zamanda beyət etmək qədərindən çoxdur. Allah-təala mənə fərman verdi ki, sizdən dillə əhd-peyman götürüm. Bu əhd-peyman Əlinin və ondan sonra gələn imamların barəsinədir. Bu imamlar sizə elan etdiyim kimi mənim və onun övladlarıdır. Yəni mənim övladlarım ki, onun nəslindəndirlər (belindəndirlər).
İndi isə hamınız bir səslə deyin: Allah-təalanın Əli və onun övladlarının (ki, gələcəyin imamlarıdırlar) barəsində bizə təbliğ etməyini eşitdik, əməl edəcəyik, razıyıq və boyun qoyuruq.
Ürəklərimiz, canlarımız, dillərimiz və əllərimizlə bu mühüm işdə sənə beyət edirik: (bu peymanla) yaşayacaq, onunla öləcəyik və onunla qiyamətə gələcəyik.
Bu mühüm işdə heç bir dəyişiklik etməyəcəyik. Bu işdə iki ürəkli olmayacaq, tərəddüd etməyəcəyik. Bu peymanımızdan dönməyəcək və əhdimizi sındırmayacayıq. Allahım, sənin, Əli və onun övladlarının itaətini də qəbul edirik. Onun belindən olan sənin Həsən və Hüseyndən sonra olan övladlarını da qəbul edirik.
Bu iki nəfərin Allahın və mənim yanımda olan rütbəsini sizə tanıtdırdım və bu mətləbi sizə çatdırdım. Doğrudan da bu ikisi cənnət cavanlarının ağasıdırlar. Onların hər ikisi ataları Əlidən sonra imamdırlar. Mən isə Əlidən əvvəl onların atasıyam.
Yenə də deyin: Allaha, sənə, Əliyə, Həsənə, Hüseynə və dediyim imamlara itaət edir, Əmir əl-möminin üçün qəlblə, canla, dillə aldığın əhd-peymana sadiq qalır. O iki imamı görənlər əl və dillə beyət edir və bundan başqa heç nə istəmir, eyni zamanda bu peymandan dönməyimizi təsvvürümüzə belə gətirmirdik.
Allahı bu peymanda şahid tuturuq və Allahın şahidliyi kifayətdir. Ya Rəsulullah (s), sən də bu işdə şahidsən.
Allah gizlin, ya aşkar itaət edənləri, onun mələklərini, ordusunu və bəndələrinin hamısını bu işdə şahid tutruq. Allah-təala hər bir şahiddən yaxşıdır.
Camaat! Dediklərinizə diqqət edin. Allah səsləri və qəlblərinizdə gizlətdiklərinizi yaxşı bilir. Beyət edən adam, həqiqətdə Allaha beyət etmişdir və Allahın əli onların əlinin üstündədir.
Camaat! Allahın qəzəbindən çəkinin, Əmir əl-möminin Əli və ondan sonra imam olan övladlarına beyət edin. Allah, xəyanət edib, peyman sındıranları həlak edəcəkdir. Peymanına sadiq qalanlara rəhmət edəcəkdir. Hər kəs əhdini pozsa, əslində öz əleyhinə pozmuş olur.
Camaat! Sizə dediklərimi deyin. Əlini Əmir əl-möminin ünvanı ilə salamlayın və deyin: Eşitdik və itaət etdik, pərvərdigara sənin bağışlamağını (istəyirik)! Qayıdacaq sənə tərəfdir. Bizi buraya hidayət edən Allaha həmd olsun! Əgər Allah bizi (Əlinin vilayət və imamətinə) hidayət etməsəydi, biz özümüz hidayət tapa bilməzdik.
Camaat! Həqiqətdə, Əlinin fəzilətləri və ləyaqəti barəsində Allahın Quranda buyurduqları o qədər çoxdur ki, bir söhbətdə və bir xütbədə onu sadalayıb qurtarmaq olmaz. Onda onun fəzilətlərini sizin üçün sadalayıb tanıdıram, təsdiq edin!
Camaat! Hər kəs Allaha, onun Rəsuluna, Əliyə və dediyim imamlara itaət etsə, böyük bir doğruçuluğa nail olmuşdur.
Camaat! Əliyə beyət etməkdə, onu sevməkdə və ona Əmir əl-möminin ünvanı ilə salamlamaqda öndə gedənlər doğruçuluğa çıxanlar və qaliblərdir. Onlar üçün cənnət bağlarında xüsusi yerlər vardır.
Camaat! Allahın xoşuna gələnləri dilinizə gətirin. Əgər siz və yer üzündəkilər hamı kafir olsanız Allaha heç bir ziyan dəyməz.
İlahi! Mömünləri bağışla və həqiqətləri gizlədən kafirlərə qarşı qəzəblən.

Əlhəmdu lillahi rəbbil aləmin.

 

 

New Astftayat

.

1. Əməllərin ən fəzilətlisi

Sual: Sizin nəzərinizə əsasən şəri əməllərin ən fəzilətlisi hansı əməldir?

Cavab: Bəzi hədislərdə deyilir ki, Allahı tanımaqdan sonra, ən fəzilətli əməl namazdır.

 

2. İbtidai cihad

Sual: İbtidai cihad icazəlidirmi?

Cavab: Mənim nəzərimə əsasən icazəli deyil.

 

3. Muatati əqd

Sual: Muatati əqd (yəni nikahın ləfzi oxunmadan) icazəlidirmi?

Cavab: Nikahın əqdi gərək ləfzlə olsun. Muatati şəkildə yəni ləfz oxunmadan düzgün deyil.

 

VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR