nəsihətlər

Bir gəncin Ayətullahul-üzma Duzduzani Təbriziyə məktubu və məktubun cavabı

 

Sual:

Salamun ələykum!

Şəhidlər ağası İmam Hüseynin (ə) əzadarlıq gunlərində sizdən xeyir dua diləyirəm.

Mən, həddi-buluğa çatmamışdan qabaq, daha dəqiq desəm on iki yaşımda çirkin günaha, istimnaya bulaşdım. Həddi-buluğa isə on üç yaşımda çatmışam. Təəssüflər olsun ki, indiyədək sözügedən günahı təkrarlayıram və ona vərdiş etmişəm. Yüz dəfələrlə, iki-üç aylarla onun tərkinə cəhd etsəmdə nəticə gözlənilən olmamış, nəticədə günah yenidən sorağıma gəlmişdir. Həmin günahı tamamilə tərk etmək istəsəmdə bu mümkün olmamışdır. Allah məni əfv etsin! Bilmirəm Allah məni bağışlayacaq ya yox, lakin mən sağlam olmaq istəyirəm, dərslərimi yaxşı oxumaq, Əli ibn Əbu Talibin şiələri içində faydalı insan olmaq istəyirəm, lakin bacarmıram. Quran oxumaq istəyirəm, amma bacarmıram, uşaqlıq dövrlərində olduğu kimi gecə namazı qılanlardan olmaq istəyirəm, amma bacarmıram, məscidə getmək, məscid əhli olmaq istəyirəm, lakin bacarmıram, dərs oxumaq istəyirəm, bacarmıram, günahdan uzaq olmaq istəyirəm, lakin bacarmıram. Hamı mənə “istəmədiyin üçün də bacarmırsan” deyir. Lakin, Allaha and olsun ki, istəyirəm, lakin bacarmıram. Hər bəhanə ilə günahı tərk etmək istəsəmdə alınmır. Sanki, Allah mənim alın yazımı, taleyimi cəhənnəmə getməkdə yazmışdır. 

Eşiyə çıxmamaq mümkün deyil, internetə girməmək mümkün deyil, qohumlara baş vurmamaq mümkün deyil, bir şey almamaq mümkün deyil. Bütün bu saydıqlarımda şəhvani məqamlar mövcuddur. Qohumlarla əlaqəni kəsməyin haram olduğunu deyirlər, lakin mən gedirəm və ya evimin içində günaha düşürəm. Cəmiyyətdən uzaq olmağın haram olduğunu deyirlər, lakin mən bunlarla yanaşı günaha düşürəm. Bacardığım halda yaxşılıqlara dəvət edib, pisliklərdən çəkindirməməyim, İslamı təbliğ etməməyim də haramdır. Dünyada halal sayılan nədir bəs? 

Müvəqqəti kəbin, siğə etmək istəyirəm, ailəm mənə zinakar gözü ilə baxırlar. İstimnanı tərk etmək istəyirəm, bacarmıram. Xahiş edirəm, siz deyin nə etməliyəm? 

Özümü öldürmək istəyirəm, onun da haram olduğunu deyirlər. İmam Zamanı (ə.c) görmək istəyirəm, “sən günahkarsan görə bilməzsən” deyirlər. İmam bizim imam deyilmi? İmam yalnız siz alimlərindirmi? Hər şeyi asan tutan bir müctehidə təqlidimi dəyişmək istədim, “təqlidin batildir” dedilər. Bəs, belə niyə? Mən nə etməliyəm? Heç kəs bir-birinə kömək etmir. Dostuma, “nə edim?” deyirəm. Deyir, “mənə nə? Hər nə etmək istəyirsənsə et”. Sonra da deyir: “Peyğəmbər (s) buyurub: “Əli ilə nigah edən məlundur”. Səndən kənar gəzmək lazımdır”. Mənim, günahı tərk etmək istəyim bəs kimə maraqlıdır? Mənim yaxşı övlad olmağıma, İmam Zamanın məndən razı olmasına kim kömək etməlidir? 

Allah şahiddir ki, siz boş yerə adınızı İmam Zamanın (ə.c) nümayəndəsi qoymusunuz. Allahın, ümumiyyətlə siz mən günahkarın fikrində olmadığınız halda saqqalın, xümsün, zəkatın, xaric dərsinin və bu qəbildən olan yersiz şeylərin fikrində olduğunu düşünürsünüz. Sonra da heç kəsin sizə əli çatmasın deyə bir “qala”da yaşayırsınız. Hamınız Qum şəhərində toplaşmısınız. Sanki, ordan kənara çıxsanız, təbliğ üçün digər şəhərlərə səfər etsəniz canınız çıxar!

Görürsünüz, bu da mənim ədəbsizliklərimdəndir. Artıq nə Allaha, nə ata-anama, nə dostuma, nə İslama, nə yüzündən doxsan doqquzu haram olan şəriət hökmlərinə qarşı həmişəki hövsələyə sahib deyiləm. Özünüz qərar verin! Məni öz halımla baş-başa buraxmağı məsləhət görmürsünüzsə, sualımı cavablandırın və mən biçarəni bədbəxtlikdən qurtarın! Ya Əli!

 

Cavab:

Allahın adı ilə

Salamun ələykum!

Müqəddiməsiz sual verdiyin üçün mən də birbaşa əsas mövzuya keçirəm. Əzizim! İlahi hökmlərin, xüsusilə haramların insanın cismi, ruhi, psixoloji və ictimai sağlamlığına xidmət etdiyini bilməlisən. Bu gün, orucun insan cismini saflaşdırdığını, bədəndəki artıq piyləri əritdiyini hər kəs bilir. Həzrət Rəsuli-Əkrəm (ə) buyurub: Oruc tutun, sağlam olun!” İstimnanın haramlığı da belədir. Necə ki, istimna əsəb sistemini zəiflədir, psixoloji problemlərə yol açır. 

Ümumiyyətlə haramı tərk etməyin xeyrinin insana qayıtdığına diqqət etməlisən. Övladım, Allah insanı müxtar yaratmışdır. İnsan ixtiyarı ilə bir çox günahları tərk etməyə qadirdir. İnsanın öz qərarı ilə saleh insanlardan ola bilər. Yenə məsum (ə) buyurur: “İnsanın iradəsi dağları kökündən qoparar”. 

Allahın mərhəmətindən ümidsiz olma! Allah bütün günahları bağışlayar. Əlbəttə, bugün artıq gecdir deyib, qərarı sabaha həvalə etmə! Bir anlıq qərarla ilahi insanlar sırasında ola bilərsən. İmam Hüseyn (ə) və səhabələrinin, xüsusilə ağlayaraq meydana getmək istəyən həzrət Qasimin iradəsindən kömək istə və ümidsiz olma! Allah haramları tanıtdırdığı kimi, insan instinktlərini kontrol edən halal yolları da bəyan etmişdir. Allahdan sənə çıxış yolu göstərməsini dilə və O da sənə yolu göstərsin. Heç vaxt ümidsizliyə qapılma! Yadında saxla ki, Allah buyurub: “leysə lil insani illa ma sə`yə”, İnsanın yalnız səyi və cəhdi vardır. 

Həyatımızda ilahi hökmlərə qarşı iki cür səyi diqqət mərkəzində saxlamalıyıq. Birinicisi, günaha düşməmək və vacibatları yerinə yetirmək üçün səy göstərməliyik, necə ki, siz Allahın izni ilə bir çox günahları tərk edir və bir çox vacibləri yerinə yetirirsiniz. İkincisi, Allah eləməmiş günaha düşdüyümüz zaman yəni harama bulaşdığımız və ya hər hansı vacibi tərk etdiyimiz an vəzifəmiz günahı tərkinə səy göstərməkdir. Bizim bu səy və cəhdimiz bizi, ilahi əzaba və mükafata yaxınlaşdırır. Allah yolunda səyimiz nə qədər çox olarsa, savabı da bir o qədər çox olacaqdır. Dediyim iki cür səyə “cihadi - əkbər” , yəni, ilahi göstərişlərə qarşı hökm verən nəfsin istəkləri ilə mübarizə aparmaq deyilir. 

İnsan daim belə bir vəziyyətdə olmalıdır. Allahdan bu yolda kömək ummalıdır. İnsan nəfsi ilə mübarizə apardığı halda dünyasını dəyişərsə, Allah yolunda mücahid kimi ölmüşdür və ümid edirik Allah onun günahlarını bağışlayacaqdır. Belə olan halda Allahdan kömək istə, günahları tanımaqda və onların tərkində səyini əsirgəmə, Allahın sonsuz rəhmətindən ümidsiz olma! 

(Bəni-üməyyənin ona verdiyi məqam və mərtəbəsinə bulaşmış, öz zamanının İmamına qarşı durmuş və bəlkə də Aşura hadisəsinin baş verməsinə səbəb olmuş, lakin bir anlıq qərarla uçurumun ağzından dönən və özünü Allah yoluna, şəhidlər sırasına salan) Hürr kimi təqdirini dəyişəcək qərar verməyin üçün mən də öz növbəmdə sənə dua edərəm.

İmam Zamanı (ə.c) görmək mövzusuna gəlincə - necə ki, qeyd etmişdin - yadında saxla ki, ağanı görmək mühüm məsələ deyil. Əbu Süfyan, Əbu Ləhəb və s. həzrət Rəsulullahı (s) görür, lakin ona iman gətirmirdilər. Peyğəmbəri (s) görmək hətta onların zərərinə tamamlandı. Mühüm olan, o həzrətlə mənəvi və qəlbi əlaqəni kəsməməkdir. Ağanın zühuru haqda dua et və arxayın ol ki, o da sənin üçün dua edir.

Günahlarını da Allahdan başqası yanında etiraf etmə! Ona görə ki, Allah onların üzərinə pərdə çəkdiyi halda sən o pərdəni dəlirsən.

Allah Quranda buyurur: “Özünüzü və ailənizi atəşdən qoruyun”. Hər kəs şeytan şərrindən və əsarətindən qorunmaq üçün səy göstərməlidir. Digərləri sənin üçün yalnız dua etməyə qadirdir. Yenə Allah hamını yaxşı görmək istəyən Rəsuluna (ə) buyurur: “Sən onlara müsəllət deyilsən”. Dünyada bir baxışı və ya nəfəsinin təsiri ilə insanları hidayət edən, yaxşı edən şəxs olsaydı, mütləq məsumlar olardılar. Lakin, bəzi şəxslərin onlarla əlaqədə olduqları halda nəticədə onlara düşmən kəsildiklərini görürük. Həzrət İmam Hüseynin (ə) təkrar moizələrinə rəğmən onunla döyüşən, onun ailəsini şəhadətə çatdıran qoşun, belə nümunələrdəndir. Buradan hər şeyin insanla və onun səyi ilə bağlı olduğu ortaya çıxır.

Alimlərin və müçtəhidlərin vəzifəsi dini hökm və qanunların, ilahi hökmlərə əməl etmək istəyən, xalq üçün bəyanıdır.

Yeri gəlmişkən, bunu sənə və əziz gənclərə xatırladıram ki, bizim qapımız daim siz əzizlərin üzünə açıqdır və burada heç bir “qala” söhbəti yoxdur. Həzrət Məsuməni (s) ziyarət edəndən sonra mənə baş vursanız çox şad olaram. Deyiləsi söz çoxdur, bəlkə də sənin bunları duymağa hövsələn yoxdur. Allahın izni ilə başqa bir vaxtda, münasib zamanda bəyan olunar. 

“Vəssalamu ələykum və rahmətullah”

Məhərrəm ayı, 1431 hicri qəməri, 

Azər ayı, 1388 hicri şəmsi.

Hacı Yədullah Duzduzani Təbrizi

 

 

 

 

 

 

 

 

 

 

New Astftayat

.

1. Əməllərin ən fəzilətlisi

Sual: Sizin nəzərinizə əsasən şəri əməllərin ən fəzilətlisi hansı əməldir?

Cavab: Bəzi hədislərdə deyilir ki, Allahı tanımaqdan sonra, ən fəzilətli əməl namazdır.

 

2. İbtidai cihad

Sual: İbtidai cihad icazəlidirmi?

Cavab: Mənim nəzərimə əsasən icazəli deyil.

 

3. Muatati əqd

Sual: Muatati əqd (yəni nikahın ləfzi oxunmadan) icazəlidirmi?

Cavab: Nikahın əqdi gərək ləfzlə olsun. Muatati şəkildə yəni ləfz oxunmadan düzgün deyil.

 

VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR